Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının qatarların hərəkət etmədiyi hissəsində üstü Yeni il naxışları ilə bəzədilmiş vaqonlar dayanıb. Hər kəs həmin vaqonlarla tanış ola, xatirə şəkilləri çəkdirə və xəyalən keçmişə səyahət edə bilər.
Hər ilin axırında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə arxada qalan illərdən soraq verən retro vaqonların nümayişi artıq ənənə halını alıb.
Keçmişdən soraq verən retro vaqonlar...
Bəlkə də “bu qatarlar hara gedir” yox, “bu qatarlar haradan gəlib” deyə soruşmaq daha doğrudur?
Doğrudan da bu qatarlar haradan gəlib?
Nənəli-babalı vaxtlarımızdan, ata-anamızın sağ olduğu, əlimizdən tutub bağçaya, məktəbə apardığı illərdənmi?
Yoxsa süd qoxulu güllü beşiyimizdə mışıl-mışıl yataraq dünyadan xəbərsiz vaxtlarımızdan?
Boynumuza qırmızı qalstuk taxdığımız, uzun-uzun, buruq-buruq saçlarımızın çiynimizə tökülən vaxtlarındanmı?
Burada nümayiş olunan üç vaqondan biri 1934-cü ildə istehsal edilib. 1935-ci il mayın 15-də Moskvada xəttə çıxan ilk qatarın tərkib hissəsi olan bu vaqonda SSRİ dövlətinin rəhbərləri də ilk sərnişin kimi səfər ediblər. Vaqonda oturmaq üçün 52, ayaq üstə dayanmaq üçün 120 yer var.
1953-cü ilin istehsalı olan digər vaqon postsovet məkanında 1983-cü ildə xətdən çıxarılıb. Öz dövrü üçün texniki yeniliklərlə zənginləşdirilmiş həmin vaqon artıq müasir dövrə yaxın çilçıraqları və yumşaq oturacaqları ilə maraq doğurur.
2015-ci ildə Bakı Metropoliteninin təqdim etdiyi layihə əsasında Rusiyanın TVEMA şirkəti ilə birlikdə unikal diaqnostika kompleksi qurularaq istifadəyə verilib və orijinal görkəmində bərpa olunmaqla muzey eksponatına çevrilib.
Üçüncü vaqon isə 1959-cu ilin axırlarından istehsal olunmağa başlayıb və onu sovetlər dövründə beş şəhərin - Moskva, Sankt-Peterburq, Kiyev, Bakı və Tbilisinin metropolitenlərində istifadə olunub. Həmin vaqonlardan Bakı Metropoliteninə istifadə üçün 47 ədəd göndərilmiuşdi. Onun sonuncusu sərnişindaşıma prosesindən 2009-cu ildə çıxarılıb və 2011-ci ildə istismardan silinib.
Metro sərnişinlərinin daha yaşlı nəsilləri üçün həmin vaqonlar gənclik illərinin xatirələrini özündə əks etdirir...
“İçərişəhər” metro stansiyasında retro vaqonlarin nümayişi yanvarın 5-dək davam edəcək. (AZƏRTAC)