Azərbaycanda Türkiyə və Rusiya telekanallarına baxış sayı yerli kanallara baxış sayından xeyli aşağıdır.
Xezerxeber.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycan Respublikası Audiovizual Şuranın sədri İsmət Səttarov söyləyib.
“Son araşdırmalar göstərir ki, Azərbaycan əhalisinin 2 faizi ümumiyyətlə televiziyanı izləmir. 3 faizi isə Azərbaycan kanallarına heç tamaşa etmir. Beləliklə, əhalinin 95 faizi müxtəlif aktivlik dərəcəsi ilə televiziya kanallarımızı izləyir, eyni zamanda, onların böyük əksəriyyətinin texniki baxımdan xarici kanalları izləmək imkanı var. Bu isə ona gətirib çıxarıb ki, həm cəmiyyətdə, həm mediada “Azərbaycan kanallarına baxan yoxdur, hamı xarici kanallara üz tutur” fikri yaranıb. Lakin 2022-ci ildən başlayaraq ölkəmizdə aparılan çox dəqiq və beynəlxalq standartlara uyğun televiziya auditoriyasının izlənilməsi üzrə araşdırmalar bu fikrin tam yanlış olmasını göstərdi. Gündəlik reytinqlərdən məlum olub ki, xarici (Türkiyə, Rusiya) televiziya kanallarına baxış sayı yerli kanallara baxış sayından xeyli aşağıdır”, - deyə Şura sədri bildirib.