Gələn ildən tibbi tullantıların təhlükəsiz hala gətirildikdən sonra yandırılaraq enerji əldə edilməsinə başlanılacaq.
Xezerxeber.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, "Təmiz şəhər" ASC bununla əlaqədar layihəyə başlayıb: "Beynəlxalq təcrübədə tibbi tullantıların da sterilizə edilməsi, təhlükəli tullantıların təhlükəsiz hala gətirilərək onlardan təkrar istifadə edilməsi praktikası var. Bəzi inkişaf etmiş ölkələrdə bundan istifadə edilir. Hazırda ölkəmizdə zərərsizləşdirmənin də daha təkmil şəkildə qurulması ilə bağlı kifayət qədər gedəcəyimiz yol var. Ona görə hazırda daha çox tullantıların utilizasiyasının düzgün şəkildə təmin olunması qarşımızda duran əsas məsələlərdən biridir. Lakin "Təmiz şəhər" ASC təhlükəli tibbi tullantıların təhlükəsiz hala gətirilərək onlardan təkrar istifadə edilməsi praktikasına bənzər layihəyə başlayıb. Məlum olduğu kimi Balaxanıda qurumun tullantıların yandırılma zavodu var. Orada iki yeni qurğu qurularaq təhlükəli növ tibbi tullantılar təhlükəsiz növə keçiriləcək, yəni sterilizə olunacaq. 2024-cü ildən həmi qurğular işə düşəcək. Həmin sterilizasiya edilmiş məhsullar yandırılaraq onlardan əlavə enerji əldə ediləcək. Bu da tullantının enerji məqsədilə təkrar istifadə olunması deməkdir".