Xəzər Xəbər

Nə üçün utananda üz qızarır və ya narahat olanda əllər titrəyir?

Cəmiyyət | 09:56 • 28 Dekabr 2023
Nə üçün utananda üz qızarır və ya narahat olanda əllər titrəyir?

Xalq arasında “xoşbəxtlikdən uçmaq” və “həyəcandan dizlərinin bağı açılmaq” ifadələrinin elmi qarşılığı mövcuddur.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri türkiyəli professor Taha Can Tuman söyləyib. O, insan bədəninin sevinc, kədər, xoşbəxtlik kimi duyğulara verdiyi reaksiyaları elmi şəkildə izah edib.

Gün ərzində qarşılaşdığımız hadisələr, düşüncələr və ya xatirələrin beynimizdə bir sıra fizioloji və fiziki reaksiyalara səbəb olduğunu söyləyən professor bildirib ki, bədənimizdə simpatik və parasimpatik sinir sistemlərindən əmələ gələn avtonom sinir sistemi var. Simpatik sinir sistemi aktivləşdikdə böyrəküstü vəzilərdən adrenalin hormonunun ifrazı artır. Simpatik sinir sistemi əsəbilik, qəzəb, narahatlıq, ürək döyüntüsü, tərləmə, titrəmə, ağızda quruluq, göz bəbəklərinin genişlənməsi kimi simptomlara səbəb olur.

T.C.Tuman qeyd edib ki, qəzəblənmə zamanı simpatik sinir sistemi qan təzyiqini artıraraq və ürək döyüntülərini sürətləndirərək bədəni sürətli reaksiyaya hazırlayır. Stress hormonları enerjini artırır və beyinə daha çox qan axınını dəstəkləyir. Bu şəkildə enerji artır. Ancaq davamlı qəzəb sağlamlığa zərər verə bilər. Qəzəbi idarə etmək və fərqində olmaq əhəmiyyətlidir.

“Kədərli və ağlama anlarında kortizol kimi stress hormonları ifraz olunur. Simpatik sinir sistemi bədəni “döyüş” rejiminə hazırlayarkən, tənəffüs dəyişiklikləri boğaz əzələlərində gərginliyə səbəb olur. Ağızdakı “glottis” əzələsi ilə nəfəs borusu genişlənir və bədənə daha çox oksigen çatır. Bu vəziyyət boğazda şişkinlik hissinə səbəb ola bilər. Bunun xaricində öskürək, hıçqırıq, həddindən artıq hava udma səbəbindən şişkinlik hissi, ürəkbulanma müşahidə olunur. Simptomlar davamlı və ya şiddətli olduqda mütləq həkimə müraciət etmək lazımdır”, - deyə professor əlavə edib.

T.C.Tuman vurğulayıb ki, xoşbəxtlik insanın emosional vəziyyətinə müsbət təsir edən və bir sıra fizioloji dəyişikliklərə səbəb ola bilən mürəkkəb bir duyğudur. Beyində baş verən dəyişikliklər, xüsusilə dopamin, serotonin və endorfin kimi xoşbəxtlik hormonlarının ifrazının artması insanın mutluluğu hiss etməsinə səbəb olur. Beyin fəaliyyətinin güclənməsi ilə yanaşı, diqqətin artması və zehni enerji səviyyələrinin yüksəlməsi, əzələlərin rahatlaması xoşbəxtliyin hiss olunmasında mühüm rol oynayır. Xoşbəxtlik hissi enerjinin artması, müsbət düşüncələr və daxili rahatlıq hissi ilə xarakterizə olunan ümumi rifah halı ilə birləşir.

Həyəcan halında simpatik sistemin aktivləşməsinin tənəffüs sürətini artıra biləcəyini ifadə edən professor diqqətə çatdırıb ki, bu vəziyyət qısa müddətli nəfəs darlığı hissinə səbəb olur, ancaq parasempatik sistemlə normal vəziyyətə qayıdış əldə edilir. Bu səbəbdən həyəcanlandığımız zaman sanki nəfəsimiz kəsilmiş kimi hiss edirik.

Xəbər lenti