Xəzər Xəbər

Bulvarda batan gəzinti qayığından xilas edilənlərin vəziyyəti AÇIQLANDI

Cəmiyyət | 14:43 • 22 Dekabr 2023
Bulvarda batan gəzinti qayığından xilas edilənlərin vəziyyəti

"Bu gün səhər saatlarında Xəzər dənizində baş verən hadisə nəticəsində xəsarət almış şəxslər (3 nəfər qadın olmaqla) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".

Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.

“Mərkəzdə onlara zəruri tibbi xidmət göstərilib. Hazırda vəziyyətləri stabildir. Gün ərzində ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub”, - o qeyd edib. 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və gəmidəki şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən, gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 nəfər vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub.

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər. (apa)

Xəbər lenti