Xəbər verdiyimiz kimi, Ağdamda PFL-in (Peşəkar Futbol Liqası) rəhbər şəxslərin olduğu mikroavtobusun maneəyə çırpılması nəticəsində ağır qəza hadisəsi baş verib.
Qəzada ağır xəsarətlər alan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin Türkiyəyə aparılması barədə məlumat yayılıb.
Məsələ ilə bağlı A.Şahgəldiyevin yaxınları ilə əlaqə saxlanılıb. Yaxınlarının bildirdiyinə görə, onlar Türkiyəyə aparılmayıb. Onlar paytaxtdakı özəl xəstəxanaların birinə yerləşdiriliblər. Qeyd olunub ki, artıq əməliyyata götürülüblər.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.(trend)