Quba-Xaçmaz Regional Təhsil Idarəsinin müdiri Rüfət Hacıyev tutduğu vəzifədən könüllü şəkildə istefa verib.
Xezerxeber.az xəbər verir ki, bu barədə o özünün “Facebook” hesabında məlumat yayıb.
Sabiq məmur yorulduğu üçün vəzifədən ayrıldığını açıqlayıb. O, Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi islahatları dəstəklədiyini, bundan sonra da fərd olaraq gənc nəslin təlim-tərbiyəsinin qeydinə qalacağını bildirib.
Xatırladaq ki, Rüfət Hacıyev dəfələrlə müxtəlif qalmaqallarla gündəmə gəlib. Onun adı sonuncu dəfə Xaçmaz şəhər 4 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Nazim Ramiz oğlu Mirzəyevə qarşı zorakılıqda hallanıb. Ailəsinin iddiasına görə, sabiq idarə müdiri saçı uzun olduğuna görə məktəblilərin yanında şagirdi döyərək ona fiziki təzyiq göstərib. Bundan sonra Mirzəyevlər ailəsi R.Hacıyevdən Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə şikayət ediblər.