Ölkə ərazisində bir neçə gündür ki payızın sonuna və qışın əvvəlinə xas olmayan hava şəraitinin şahidi oluruq. Belə ki, cənub-şərq küləklərinin əsməsi nəticəsində ölkə ərazisində mülayim-isti hava şəraiti davam edir. Amma bu gündən etibarən ölkə ərazisində, həm Bakı və Abşeron yarımadasında, həm də bölgələrdə hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, yağıntıların artacağı gözlənilir.
Xezerxeber.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, noyabrın 27-dən gündüzdən 28-i səhərə qədər şimal qərb küləyinin əsəcəyi, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s- dək güclənəcəyi gözlənilir.
“Noyabrın 27-si axşamdan 28-i səhərə qədər arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv yağışlar, şimşək çaxacağı gözlənilir. Noyabrın 27-si axşamdan havanın temperaturu ötən günlərə nisbətən kəskin 10 dərəcə aşağı enəcək. 28-i gündüz saatlarında havanın temperaturu 10-12 dərəcə isti olacaq. Qeyri-sabit hava şəraiti bölgələrdə də davam edəcək”.
Xidmət rəisinin sözlərinə görə, noyabrın 27-si şimal və qərb rayonlarından başlayaraq 28-i axşama qədər ölkə ərazisində havanın kəskin fəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
“Həmçinin bölgələrdə qərb küləyi əsəcək, küləyin sürəti 20-25 m/s, ayrı-ayrı yerlərdə 33-38 m/s qədər güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcə aşağı enəcək. Aran rayonlarda gecə 3-7 dərəcə, gündüz 11-15 dərəcə, dağlıq rayonlarında 4-9 dərəcə şaxta, gündüz isə 3 dərəcə şaxtadan 2 dərəcə istiyə qədər dəyişəcək".