Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Xezerxeber.az xəbər verir ki, noyabrın 20-də rayonun Zabux kəndinə növbəti 25 ailə (91 nəfər) yola düşüb.
Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Bununla da indiyədək Zabux kəndində 96 ailənin, yəni, 382 nəfərin daimi məskunlaşması təmin edilib.
Xatırladaq ki, kəndə ilk köç bu il avqustun 25-də baş tutub.