Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 18-də Laçın rayonunun Zabux kəndinə yola düşən növbəti köç karvanı ünvanına çatıb.
Xezerxeber.az xəbər verir ki, Laçın rayonunun Zabux kəndi bu gün 25 ailəyə qucaq açıb və daha 103 sakinin yurd həsrəti bitib.
Onlar kəndə gələrkən böyük coşqu ilə qarşılanıblar. Sakinlər illərdir həsrətini çəkdikləri kəndin gözəl mənzərəsini seyr ediblər.
Daha da gözəlləşən və abadlaşan Zabuxa qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.