Xəzər Xəbər

Taksi sürücülərinin DİQQƏTİNƏ! QAYDALAR DƏYİŞDİ

Cəmiyyət | 13:23 • 17 Noyabr 2023
Taksi sürücülərinin DİQQƏTİNƏ!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”nda dəyişiklik edib.

Trend xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, taksi xidməti ilə bağlı xüsusi hazırlığın təşkili və keçirilməsi nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA), Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə həvalə olunub. Həmçinin, dəyişikliklə bu işi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri müqavilə bağlamaqla həyata keçirə biləcək.

Bundan başqa, xüsusi hazırlıq prosesinin keyfiyyətini yüksəltmək məqsədi ilə qrupların maksimum say həddi 20-dən 25-ə, mühazirələrin müddəti 31,5 saatdan 18 saata, praktiki məşğələlər 8,5 saatdan 6 saata endirilib, bununla da, yeni əlavə edilən yekun qiymətləndirmə (2 saat) müddəti ilə birliktə ümumi müddət 42 saatdan 24 saata endirilib.

Bundan başqa, tədris proqramında istifadə olunan materialların həcmi artırılıb. Tədris zamanı sürücülərə inzibati ərazi vahidlərinin sərhədləri, dislokasiyası, tarixi mədəniyyət abidələri, sosial əhəmiyyətli obyektlər, ali təhsil müəssisələri, ticarət obyektləri və xəstəxanaların yerləşdiyi ərazilər öyrədiləcək, avtomagistrallar, giriş-çıxış istiqamətləri, məsafələr, küçə və prospektlərin adları barədə ətraflı məlumatlar verilməsi tələbi isə ləğv edilib.

Həmçinin sürücülərin hazırlıq kurslarında iştirak etməsi üçün təqdim etməli olduğu sənədlər müəyyənləşdirilib. Belə ki, sürücülər şəxsiyyəti təsdiq edən sənədin surətini, bir ədəd fotoşəkil (3x4 sm ölçüsündə) və sürücülük vəsiqəsinin surətini tədim etməli olacaqlar.

Sürücü haqqında sənədləri Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olduqda, həmin sənədlər sürücülərdən tələb edilməyəcək.

Sənədlərini təqdim etmiş sürücülərə hazırlığın başlanılmasına azı 5 gün qalmış məlumat veriləcək, onlar tədris müddətində kağız və yaxud elektron daşıyıcılarda hazırlıq materialları ilə təmin olunacaqlar.

 

Xəbər lenti