Azərbaycan hüquq-mühafizə orqanları Rusiya Baş Prokurorluğunun tələbi ilə 18 yaşlı bloqqer və “Jizn brodyaqi” telegram kanalının administratoru Tural Məmmədovu Rusiyaya ekstradisiya edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Kommersant yazıb.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci bəndi (bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zorakılıq tətbiq etməklə törədilən xuliqanlıq), həmçinin 282-ci maddə (informasiya və telekommunikasiya şəbəkələrindən istifadə edərək nifrətin qızışdırılmasına yönəlmiş hərəkətlər) ilə məsuliyyətə cəlb olunacaq.
Məlumata görə, Tural Məmmədov dostları ilə birlikdə Sankt-Peterburqun müxtəlif ərazilərində yoldan keçənləri dəfələrlə açıq şəkildə döyüb, baş verənləri videoya çəkib, sonra isə görüntüləri Telegram-da yerləşdirib.
Şübhəli Rusiya hüquq-mühafizə orqanlarından yayındığı üçün məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. Rusiya Federasiyası Baş Prokurorluğu onu beynəlxalq axtarışa verib.