Xəzər Xəbər

Anar Bağırov: Vəkillər Kollegiyası üzvlüyünə qəbul imtahanında namizədlərin 44 faizi regionlarımızı təmsil edir

Cəmiyyət | 13:33 • 5 Noyabr 2023
Anar Bağırov: Vəkillər Kollegiyası üzvlüyünə qəbul imtahanında namizədlərin 44 faizi regionlarımızı təmsil edir

Vəkillər Kollegiyası Prezident İlham Əliyevin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, müntəzəm olaraq vəkilliyə qəbul imtahanları keçirir. Çox böyük marağın olduğu bugünkü imtahanda 300-ə yaxın namizəd iştirak edir. Onlar əsasən gənc hüquqşünaslardır. Yeri gəlmişkən, bugünkü imtahana qatılan namizədlərin 66 faizi 40 yaşadək hüquqşünaslardır. Eyni zamanda, regionlarda da vəkilliyə maraq xeyli artıb. Bugünkü imtahanda iştirak edən namizədlərin 44 faizi məhz regionlarını təmsil edir.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə müsahibəsində deyib.

A.Bağırov bildirib ki, ilk dəfə olaraq bu gün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına da imtahanlar təşkil olunub. Bugünkü imtahanda iştirak edən namizədlərin 7 faizi Naxçıvan Respublikası Vəkillər Kollegiyasını təmsil edir. Bu, çox ciddi göstəricidir. Ümid edirik ki, bu imtahanda uğur qazanmış namizədlər gələcəkdə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında səmərəli fəaliyyət göstərəcəklər.

“Vəkilliklə bağlı imtahanlar gələcəkdə də müntəzəm keçiriləcək. Fürsətdən istifadə edərək həm Bakıda, həm də regionlarda yaşayan hüquqşünasları növbəti imtahanlarda fəal iştiraka dəvət edirəm. Vəkillik müstəqil və sərbəst peşədir. Hər bir hüquqşünas vəkilliyə məhz buna görə üz tutur. Eyni zamanda, vəkillik hüquqşünaslar üçün böyük imkanlar açır. Bu, çox gözəl təcrübədir. Hüquqşünaslarımız insanlara hüququ yardım göstərməklə çox faydalı fəaliyyət həyata keçirirlər. Vəkillik dünyada olduğu kimi, Azərbaycanda da populyar peşəyə çevrilib”, - deyə Anar Bağırov vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar