Xəzər Xəbər

Dəniz səviyyəsinin 9-18 metr enməsi proqnozlaşdırılır

Cəmiyyət | 12:22 • 3 Noyabr 2023
Dəniz səviyyəsinin 9-18 metr enməsi proqnozlaşdırılır

“Xəzər dənizinin səviyyəsinin tərəddüdü nəticəsində Qızılağac körfəzində sahil dənizə tərəf 5-6 kilometr çəkilib. 30 il aparılan araşdırmaların nəticəsində əldə olunan məlumata görə, körfəzin su sahəsinin 29, su bataqlıq ərazilərinin 52 faiz azalması müşahidə olunub. Həmin proses davam edərsə, gölün quruması da istisna olunmur. Bu da Azərbaycanın balıq faunasının formalaşması, biomüxtəlifliyin artırılmasına mənfi təsir edəcək”.

Xezerxeber.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Balıqların sayının öyrənilməsi və ovunun proqnozlaşdırılması şöbəsinin müdiri Elçin Məmmədov Xəzər dənizinin səviyyə dəyişməsinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması məqsədilə yaradılmış ekspert qrupunun iclasında deyib.

"Almaniya və Niderland alimlərinin apardığı modelləşdirmə işləri nəticəsində əsrin sonuna kimi dəniz səviyyəsinin 9 və ən pis halda 18 metr enməsi proqnozlaşdırılır. Bu zaman Azərbaycanda sahilyanı ərazilərin quruması müşahidə olunacaq. Bu da qiymətli bioloji növlərin azalmasına gətirib çıxaracaq. Suitilərin çoxalma yerləri azalacaq. Həmçinin dənizdə oksigen səviyyəsinin azalması baş verəcək ki, bu da bioloji müxtəliflik və balıq ehtiyatları üçün mənfi hal hesab olunur.

Balıq ehtiyatlarının azalması ərzaq təhlükəsizliyi məsələsinə də təsir edəcək", - deyə E.Məmmədov qeyd edib.

E.Məmmədov son illər Kür çayının səviyyəsinin 31 faiz azaldığını da diqqətə çatdırıb.

Xəbər lenti

Çox oxunanlar