Xəzər Xəbər

Kilkə balıqlarının ov kvotasının artırılması təklif olunub

Cəmiyyət | 13:37 • 3 Noyabr 2023
Kilkə balıqlarının ov kvotasının artırılması təklif olunub

“Kilkə balıqlarının ov kvotasının 40 min tona qədər artırılmasını təklif etmişik”.

Xezerxeber.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Balıqların sayının öyrənilməsi və ovunun proqnozlaşdırılması şöbəsinin müdiri Elçin Məmmədov Xəzər dənizinin səviyyə dəyişməsinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması məqsədilə yaradılmış ekspert qrupunun iclasında deyib.

"Xəzər dənizində öz biokütləsinə görə üstünlük kilkə balıqlarındadır. Kilkə balıqları əsasən qiymətli vətəgə əhəmiyyətli balıqların, o cümlədən nərə balıqlarının, Xəzər suitisinin əsas yem bazasıdır. Son illər kilkə balıqlarının ehtiyatı artır və ov da getdikcə çoxalır. Azərbaycanın ümumi kilkə kvotası 5 min ton təşkil edir. Aparılan müşahidələr nəticəsində kilkə balıqlarının vəziyyəti yaxşılaşıb və biz kvotanın 40 min tona qədər artırılmasını təklif etmişik. Onu da qeyd edim ki, Xəzər dənizində balıq kvotalarının ayrılması xüsusi dövlətlərarası komissiya vasitəsilə həyata keçirilir. Beş Xəzəryanı ölkənin balıqçılıq qurumlarının nümayəndələrinin hər il keçirilən görüşlərində hər ölkədə aparılan elmi-tədqiqatların nəticələrinə əsasən nərə, kilkə balıqlarına kvotalar ayrılır", - deyə xidmətin şöbə müdiri qeyd edib.

E.Məmmədov bildirib ki, 2019-cu ildə Rusiyada kilkə balıqlarının yeni ov üsulu vasitəsilə - "pelagic trawl" üsulu ilə ovlanması təklif olunub. Bu il ilk dəfə olaraq Azərbaycanda həmin ov üsulu vasitəsilə kilkə balıq ovu aparıldı. Həmin ov üsulu ilə birdəfəyə 4-5 ton balıq ovlamaq mümkündür".

Xəbər lenti