Xəzər Xəbər

Vaqif Xaçaturyanın məhkəməsi noyabrın 1-də davam etdiriləcək YENİLƏNİB - 2

Cəmiyyət | 12:45 • 25 Oktyabr 2023
Vaqif Xaçaturyanın məhkəməsi noyabrın 1-də davam etdiriləcək

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezinin cinayət işi üzrə oktyabrın 25-də növbəti məhkəmə iclası keçirilib.

Xezerxeber.az xəbər verir ki, məhkəmədə zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Onlar V.Xaçatryanın Meşəlidə və ətraf ərazilərdə öz dəstəsi ilə törətdiyi cinayətlərdən danışıblar.

Prosesdə fasilə elan edilib, məhkəmənin növbəti iclası noyabrın 1-də keçiriləcək.

Qeyd edək ki, Vaqif Xaçatryan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilir.

Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 milyon 568 min 60 manat, dövlətə isə 130 min 800 manat məbləğində maddi ziyan vurulub.

12:07

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilir.

Xezerxeber.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadə vermələri ilə davam edir.

Prosesdə elan olunub ki, Meşəli hadisələrində zərərçəkənlərdən biri, hazırda 90 yaşı olan Firuzə Mehraliyeva məhkəməyə teleqram göndərək yataq xəstəsi olduğunu, bu səbəbdən məhkəməyə gələ bilmədiyini bildirib.

Bundan başqa, zərərçəkən Elnarə Babayevanın himayəsində iki azyaşlı olduğunu və Qəbələ şəhərində yaşaması səbəbindən məhkəməyə gələ bilməyəcəyi ilə bağlı teleqram göndərdiyi qeyd olunub.

Onların istintaqda verdikləri ifadələr məhkəmədə elan olunub.

11:35

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.

Xezerxeber.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verəcək.

09:22

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək. 

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Bugünkü məhkəmə prosesində zərərçəkən və zərərçəkənlərin hüquqi varislərinin dindirilməsi davam edəcək.

Xatırladaq ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Xəbər lenti

Çox oxunanlar