Xəzər Xəbər

Əhalinin tibb müəssisələrinə təhkim olunmasına başlanılıb

Cəmiyyət | 15:58 • 18 Oktyabr 2023
Əhalinin tibb müəssisələrinə təhkim olunmasına başlanılıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən mövcud və ya yeni salınan şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin əhalisinin sayının artması ilə bağlı ilk olaraq pilot layihə kimi Bakı şəhəri üzrə ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə əhalinin tibb müəssisələrinə təhkim olunmasına başlanılıb.

TƏBİB-dən Xezerxeber.az-a verilən xəbərə görə, paytaxt əhalisi haqqında tibbi məlumatların toplanmasına, gələcəkdə xəstəliklərin vaxtında aşkarlanmasına, risk qrupuna daxil olan xəstələrin müəyyənləşdirilməsinə və vaxtında müayinələrin aparılmasına xidmət edən bu proses nəticəsində Bakı şəhəri üzrə artıq 2 milyona yaxın vətəndaşın tibb müəssisələrinə təhkim olunması üçün qeydiyyatı aparılıb. “E-tabib” mobil tətbiqində bu məqsədlə yeni qeydiyyat sistemi yaradılıb. 

Bakı şəhərində proses başa çatdıqdan sonra respublikanın ayrı-ayrı rayonları üzrə də əhalinin tibb müəssisələrinə təhkim olunmasına başlanılacaq.

İlin sonuna qədər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən Bakı şəhərində bu prosesin yekunlaşdırılması planlaşdırılır. Bu proses, həmçinin gələcəkdə həkimlərin qiymətləndirilməsini, onların iş yükünün müəyyən olunmasını və xəstə sayı haqqında məlumatları da əlçatan edəcək.

Xəbər lenti