Xəzər Xəbər

Əlilliyi müəyyən edilmiş şəxslər tərəfindən 44 Azərbaycan bayrağı tikilir FOTO

Cəmiyyət | 13:42 • 11 Oktyabr 2023
Əlilliyi müəyyən edilmiş şəxslər tərəfindən 44 Azərbaycan bayrağı tikilir

“Qələbə soraqlı bayrağım” layihəsi çərçivəsində gənclərin iştirakı ilə 44 günün şərəfinə 44 Azərbaycan bayrağı tikilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, layihənin icrasına 44 günlük Vətən müharibəsinin üçüncü ildönümü ilə əlaqədar başlanılıb.

Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı keçərək dərzilik sənətinə yiyələnən gənclərin iştirakı ilə layihə üzrə 44 Azərbaycan bayrağı tikilir.

Bayraqlar hazırlandıqdan sonra şəhidlərimizin övladları üçün mərkəzə ekskursiya təşkil ediləcək və bayraqlar əlilliyi müəyyən edilmiş şəxslər tərəfindən onlara təqdim olunacaq.

Layihənin məqsədi möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailələrinə, onların bizlərə yadigar qalan övladlarına daim diqqətdə olduqlarını hiss etdirməkdir. Həmçinin əlilliyi müəyyən edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq və şəhid övladlarının asudə vaxtının səmərəli təşkilidir.

Peşə-əmək Reabilitasiya Mərkəzinin yetirmələrinin və mütəxəssislərinin cəlb olunduğu prosesdə bayrağın hazırlanması üçün biçim, birləşdirici tikişlər və digər fəaliyyətlər böyük həvəslə yerinə yetirilir.

Xəbər lenti