Xəzər Xəbər

Azərbaycanda Situasiya Mərkəzi yaradılıb

Cəmiyyət | 15:54 • 5 Oktyabr 2023
Azərbaycanda Situasiya Mərkəzi yaradılıb

Kütləvi informasiya vasitələrinin nümayəndələri Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzi ilə tanış olublar.

Xezerxeber.az xəbər verir ki, xidmətin rəisi Nazim Mahmudov mərkəzin fəaliyyəti, erkən xəbərdarlıq sisteminin yaradılması, ölkədə müasir standartlara uyğun olan dopler radarlarının quraşdırılması, eyni zamanda, hidrometeoroloji şəbəkənin genişləndirilməsi və avtomatlaşdırılmış sistemə davamlı olaraq keçidlə bağlıdır. Bildirilib ki, 2 ədəd dopler radar sistemi Şamaxı rayonunda, eyni zamanda, Göygöl rayonunda fəaliyyət göstərir: "Həmin radar sistemləri vasitəsilə gündəlik olaraq atmosferdə baş verən dəyişikliklərin müşahidəsini aparırıq. Yağıntıların miqdarı, küləyin sürəti, eyni zamanda, dolu və digər atmosfer hadisələri ilə bağlı müşahidə olunan digər məlumatlar mütəmadi olaraq Situasiya Mərkəzinə daxil olur.

Milli Hidrometeorologiya Xidmətinin genişləndirilmiş avtomat hidrometeoroloji sistemi fəaliyyət göstərir ki, bu sistemə daxil olan həm hidroloji stansiyalar, həm meteoroloji stansiyalar, eyni zamanda, Xəzər dənizində fəaliyyət göstərən hidrometeoroloji stansiyalardan məlumatlar mütəmadi olaraq Situasiya Mərkəzinə yönləndirilir. Mərkəzdə bütün məlumatların mərkəzləşdirilmiş şəkildə yığılması və onların operativ şəkildə emalı prosesi həyata keçirilir. Həmin proses nəticəsində alınan məlumatlar əsasında proqnozlar hazırlanır. Eyni zamanda, hidrometeoroloji şəbəkənin fəaliyyətinə nəzarət etmək məqsədilə quraşdırılmış 37 ədəd müşahidə kamerasından alınan məlumatları da Situasiya Mərkəzində vizuallaşdıraraq canlı şəkildə baş verən hidrometeoroloji prosesləri, atmosferdə, çaylarda olan dəyişikliklərin müşahidəsini aparırıq. Hazırda Türkmetkap sistemindən, eyni zamanda, Eumetsat sistemindən alınan proqnoz modelləri əsasında da Situasiya Mərkəzində proqnozlar hazırlanaraq həm ictimaiyyətə, həm də aidiyyəti dövlət qurumlarına gündəlik olaraq ötürülür. Mərkəz 24 saat ərzində fəaliyyət göstərir".

Xəbər lenti

Çox oxunanlar