İşğaldan azad olunan ərazilərə qayıdan şəxslərin məşğulluğu ilə əlaqədar məsələlər müzakirə olunub.
Müzakirələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə “İşğaldan azad olunan ərazilərimizə qayıdacaq şəxslərin məşğulluq imkanlarının qiymətləndirilməsi” mövzusunda keçirilən görüşdə aparılıb.
Agentlikdən verilən məlumata görə, görüşdə azad olunan ərazilərə köçürüləcək şəxslərin mərhələli şəkildə demoqrafik, məşğulluq və sosial göstəricilərinin təhlilinin aparıldığı, onlarla fərdi görüşlərin keçirildiyi bildirilib.
Qeyd edilib ki, təhlillər nəticəsində köçürüləcək şəxslər üçün fərdi məşğulluq proqramları hazırlanır və onların məşğulluq məsələlərin həlli üçün işlərə başlanılır. Eyni zamanda işəgötürənlərlə də iş aparılaraq onların işçi qüvvəsinə olan tələbatları öyrənilib.
Görüşdə mövzu ilə bağlı təkliflər dinlənilib, köçürüləcək şəxslərlə növbəti görüşlərin keçirilməsi qərara alınıb.