Xəzər Xəbər

Vətəndaşların əmlakını məhv edən şirkət rəhbəri həbs olundu

Cəmiyyət | 12:45 • 4 Sentyabr 2023
Vətəndaşların əmlakını məhv edən şirkət rəhbəri həbs olundu

Bakıda vətəndaşların əmlakını məhv etməkdə təqsirləndirilən MTK rəhbəri həbs edilib.

Xezerxeber.az bildirir ki, bu barədə Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, söküntü və tikinti-quraşdırma işləri zamanı “EAST Residence” Mənzil Tikinti Kooperativi tərəfindən vətəndaşlara məxsus əmlakın qəsdən məhv edilməsi faktlarına dair rayon prokurorluğunda cinayət işi başlanmaqla istintaq aparılır.

İstintaqla, Kooperativin sədri Əli Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mülkiyyətçilərin razılığı, eləcə də, qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarı olmadan müxtəlif şəxslərə məxsus əmlakları məhv etməsi nəticəsində vətəndaşlara külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Əli Məmmədov iş üzrə Cinayət Məcəlləsinin 186.3-cü (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.

Xəbər lenti