Xəzər Xəbər

Qurban Yetirmişli: Kürdəmirdə baş verən zəlzələ orta güclü yeraltı təkan idi

Cəmiyyət | 11:47 • 4 Sentyabr 2023
Qurban Yetirmişli: Kürdəmirdə baş verən zəlzələ orta güclü yeraltı təkan idi

Kürdəmirdə qeyd olunan 5.2 maqnitudalı zəlzələ orta güclü hesab olunsa da, dərinliyi 52 kilometrdə yerləşdiyindən elə güclü təsirə malik olan zəlzələ deyil.

Xezerxeber.az xəbər verir kİ, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, proses səthi olsa idi onun maqnitudası, hiss olunması daha yüksək olardı. Sadəcə olaraq maqnitudası 5-dən yuxarı olduğundan həmin yeraltı təkanlar episentrdə və ətraf rayonlarda hiss edilib. Təbii ki, zəlzələdən sonra afterşoklar da qeydə alındı. Onların ən böyüyünün maqnitudası 3.1 idi. Dərində gedən proses olduğundan heç hiss olunmayıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə isə Kürdəmir rayonunda qeydə alınmış 5.2 maqnitudalı zəlzələ nəticəsində nazirliyə hər hansı dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıb.

Q.Yetirmişli isə bildirib ki, bu cür maqnitudalı zəlzələlərdə əslində binalarda heç bir çat əmələ gəlməməlidir: “Lakin köhnə, düzgün tikilməyən, keyfiyyətsiz materiallardan tikilən binalarda çatlar qeydə alına bilər. Normativlərə uyğun olan tikililərdə heç bir fəsad, hətta adi çatlar belə olmamalıdır”.

Məlum olduğu kimi, Kürdəmirdə sentyabrın 3-ü saat 20:35-də maqnitudası 5.2, bir neçə saat sonra sentyabrın 4-də saat 01:19-da isə maqnitudası 3-ə bərabər olan yeraltı təkanlar qeydə alınıb.

Xəbər lenti