Bu gün biz Azərbaycan xalqı olaraq daha bir əlamətdar, möhtəşəm gün yaşayırıq. Laçın rayonunun ilk kəndi Zabuxa 20 ailə 88 nəfərdən ibarət köç karvanını yola salırıq.
Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) sədrinin müavini Fuad Hüseynov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 20-də müvafiq sərəncamı ilə Laçın rayonunun Zabux və Sus kəndlərinin layihələndirilməsi və inşası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə olunub. Bununla, 2022-ci il dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpa vəsaitindən ilkin olaraq 800 min manat vəsait ayrılıb. Həmin yaşayış məntəqələri, minalardan və digər partlamamış hərbi sursatlardan təmizləndikdən sonra bu ilin fevral ayından etibarən inşa işlərinə başlanılıb və avqust ayından Zabux kəndində tamamilə tikinti işləri yekunlaşdırılıb.
“İlkin mərhələdə Zabuxda 223 fərdi evdən ibarət gözəl, ən müasir standartlara uyğun tərzdə yeni bir kənd inşa olunub. Bütün zəruri olan sosial infrastruktur ilə təchiz edilib, kənddə orta məktəb, uşaq bağçası, tibb məntəqəsi yaradılıb, abadlıq işləri aparılıb, gözəl park salınıb, evlər tam olaraq təmir olunub. Enerji, qaz, su təchizatı, telekommunikasiya xətləri, həmçinin yüksək səviyyədə internet, fiber optik şəbəkəsi yaradılıb”, - deyə Fuad Hüseynov əlavə edib.