Müşahidələr göstərir ki, hazırda tez-tez rast gəlinən zəncirvari qəzalar məhz sürücülərin avtomobil idarə edərkən ara məsafəsinə dair tələbləri pozmaları səbəbindən baş verir. Adətən maddi ziyanla nəticələnən kiçik toqquşmalar ilk baxışdan əhəmiyyətli görünmür. Lakin bu növ qəzalar sürücü intizamına, hərəkət iştirakçıları arasında qarşılıqlı məsuliyyət hissinə mənfi təsir göstərən, eləcə də vaxt və iqtisadi itkilərə yol açan kifayət qədər ciddi yol-nəqliyyat hadisələridir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə çağırışında qeyd olunur.
Bildirilib ki, yol hərəkəti qaydaları ara məsafəsi haqda sabit kəmiyyət müəyyən etmir. Bu sahədə qanunvericiliyin tələbinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Başqa sözlə, sürücü hərəkət zamanı ara məsafəsini avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yol və hava şəraitindən asılı olaraq özü təyin etməlidir. Bununla yanaşı, sürücünün təcrübəsi, hadisəyə reaksiyası, daşıdığı yük, eləcə də qarşıdakı avtomobilin qəza riski də nəzərə alınması vacib olan amillərdəndir.
Şəhər yollarında, xüsusilə də tıxaclarda ara məsafəsi mütləq gözlənilməlidir. Çünki qarşıda baş verə biləcək kiçik bir toqquşma bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəzalara səbəb ola bilər. Avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlərə, ələlxüsus, mobil telefondan istifadəyə aludə olan sürücüləri nəzərə alsaq, bu aqibətlə üzləşmə ehtimalının kifayət qədər yüksək olduğunu görərik.
Baş Dövlət Yol Polisi İdarəsi kiçik qəzaların böyük faciələrə səbəb ola biləcəyini bir daha sürücülərin diqqətinə çatdırır və onları avtomobil idarə edərkən ara məsafəsinə dair tələblərə riayət etməyə çağırır.