Sərnişin və yük daşınma qaydalarının pozulmasına görə yeni cərimələr təsdiqlənib.
Xezerxeber.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunda əksini tapıb.
Qanunda qeyd edilib ki, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə ediləcək.
- Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə olunacaq.
- Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin və yük daşıma qaydalarını pozmaqla yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə 50 manat məbləğində cərimə olunacaq.
- Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir
- Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə olmadan müntəzəm sərnişin daşımalarının təşkilinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər isə 1 200 manat məbləğində cərimə ediləcək.
- Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalannın yerinə yetirilməsinə görə 400 manat məbləğində cərimə olunacaq.
Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.