Xəzər Xəbər

Həkimlərin əməkhaqqısı məsələsinə aydınlıq gətirildi

Cəmiyyət | 13:21 • 31 İyul 2023
Həkimlərin əməkhaqqısı məsələsinə aydınlıq gətirildi

Son günlər dövlət tibb müəssisələrində çalışan həkimlərin əməkhaqları ilə bağlı ictimaiyyətdə yanlış təsəvvür yaradan məlumatlar yayılır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova səhiyyə işçilərinin, o cümlədən həkimlərin əməkhaqları ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib.

Xezerxeber.azın məlumata görə, A.Əhmədova qeyd edib ki, icbari tibbi sığorta sisteminin tətbiqindən sonra “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq səhiyyə işçilərinin xidməti fəaliyyəti iqtisadi və kəmiyyət göstəricilərinə əsasən qiymətləndirilir.

Səhiyyə işçilərinin, xüsusilə həkimlərin əməkhaqları təkcə müayinələr qarşılığında ödənilən bonuslardan və ya ödənişlərdən ibarət deyil. Həkimlərin əməkhaqları aylıq vəzifə (tarif) maaşı, aylıq sabit həvəsləndirici əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr (bonus), əmək şəraitinə görə ödənilən əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər olmaqla bir neçə mənbədən formalaşır. Belə ki, həkimlərin aylıq vəzifə (tarif) maaşı 9-15 dərəcə arasında dəyişərək 478-607 manat, aylıq sabit həvəsləndirici əlavəsi isə 800 manat təşkil edir. Bununla yanaşı, həkimlər işin nəticəsinə görə həvəsləndirici əlavələr - yəni, bonus da alırlar.

Aynurə Əhmədova bildirib ki, həkimlərin əməkhaqlarından danışıldıqda ən çox müzakirə edilən bonuslar məsələsinə xüsusilə aydınlıq gətirmək yerinə düşərdi: “Həkimlərə verilən bonuslar göstərilən tibbi xidmətin tarifinə görə dəyişir. Tibbi xidmətlərin tarifləri xidmətlər zərfi ilə tənzimlənir. Xidmətlər zərfində ambulator şəraitdə göstərilən xidmətlərin tarifi 3 - 295 manat arasında dəyişir. Cərrahi tibbi xidmətlər üzrə tariflər isə 10-24 min manat arası təşkil edir. Bu, icra edilən cərrahi prosedurun mürəkkəbliyindən və istifadə edilən tibbi sərfdən asılıdır”.

Qeyd edilib ki, həkimlərin bonuslarına tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun olaraq 1.2, 1.3, 1.4, 1.5 əmsallar tətbiq edilir. Belə ki, həkimin bonusu işlədiyi tibb müəssisəsinin aid olduğu kateqoriya əmsalına vurulur.

Məsələn, ambulator fəaliyyət üzrə həkim-pediatrın 11-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 518 AZN, aylıq sabit həvəsləndirici əlavəsi 800 AZN və ortalama bonusu 500 AZN (rəqəm şərtidir, məbləğ aylıq pasiyent qəbulu və icra edilən tibbi prosedurların sayına görə dəyişir) təşkil edir. 2B kateqoriyalı ümumi profilli xəstəxanada həkimin bonusu 1.2 əmsalı ilə hesablanırsa, 3B kateqoriyalı çoxprofilli xəstəxanada 1.4 əmsalı ilə hesablanır. Beləliklə, 2B kateqoriyası üzrə həkimin aylıq ümumi əməkhaqqısı 1918 AZN (518+800+500*1.2), 3B kateqoriyası üzrə isə 2018 AZN (518+800+500*1.4) təşkil edəcək. Qeyd edilib ki, məlumatlarda məvaciblər vergilər və digər məcburi ödənişlər daxil olmaqla göstərilib.

Həkimin iş günü ərzində yalnız bir pasiyent qəbul etmədiyini diqqətə çatdıran A.Əhmədova deyib: “Tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq, günlük bonus hesablanan pasiyent sayı 15-35 pasiyent arasında dəyişir. Bu səbəbdən yalnız bir pasiyentə görə göstərilən tibbi xidmətin tarifinin müvafiq faizinin həkimə ödənildiyini qeyd etmək doğru deyil. Ay ərzində (22 iş günü götürülərsə) həkimə müayinə etdiyi 330-770 arası pasiyent sayına görə bonus hesablanır”.

Məsələn, ixtisaslı həkim tərəfindən müayinə edilən hər pasiyentə görə tibb müəssisəsinə 17 manat ödənilir. Müvafiq Qaydaya əsasən hər pasiyentə görə bu məbləğin 8 faizi (1.36 AZN) həkimin əməkhaqqına əlavə edilir. Həkim gün ərzində 35, ay ərzində 770 xəstə qəbul edərsə, o 1047 manat bonus almış olur.

Beləliklə, həkim bonusla yanaşı, ayın sonu aylıq vəzifə (tarif) maaşı, 800 manat aylıq sabit həvəsləndirici əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər alır.

Qeyd etmək olar ki, bundan əlavə həkim cərrahi fəaliyyətlə məşğul olduğu halda icra edilən əməliyyat və tibbi prosedurlara görə də xidmətlər zərfindəki tariflərə uyğun olaraq əlavələr alır.

A.Əhmədova nümunə ilə izah edib ki, məsələn, 12-ci dərəcəli həkim-travmatoloqun aylıq vəzifə (tarif) maaşı 538 manat, aylıq sabit həvəsləndirici əlavəsi 800 manatdır. Bununla yanaşı, həkimə işin nəticələrinə görə bonus ödənilir. 538+800+həkim travmatoloqların ortalama bonusu 1250 manat (müayinə və cərrahiyyə xidmətləri) (tutulmalar daxil) əlavə edildikdə 2 min 588 manat edir.

Hazırda dövlət tibb müəssisələrində aylıq maksimum 28 min manat bonus alan həkim-ürək-damar cərrahı, 12 min manat bonus alan həkim-mama-ginekoloq, 8 min manat bonus alan həkim-travmatoloq, 7500 manat bonus alan həkim-ümumi cərrah və 2 min manat bonus alan həkim-kardioloq var. Bu məbləğ ay ərzində icra edilən əməliyyatın sayı və xüsusiyyətinə görə dəyişə bilər.

Məlumat üçün bildirilib ki, yaxın zamanlarda xidmətlər zərfində bir sıra tibbi xidmətlərin tarifinin artırılması nəzərdə tutulub. Tariflər artırıldıqda həkimlərə ödənilən bonusların məbləği də yüksələcək.

Qeyd edək ki, icbari tibbi sığortanın tətbiqindən sonra minimum vəzifə maaşı alan həkimlərin əməkhaqqı orta hesabla 3 dəfə artıb. 2019-cu illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əmək haqlarında 3.2 dəfə artım, gəlirlərində (sabit əlavə və bonus) isə 5 dəfədən 50 dəfəyədək artım olub.

Xəbər lenti