Azərbaycan hökuməti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Türkiyədə yaşayan soydaşlarımıza zəruri konsulluq və digər hüquqi yardımın göstərilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, məsələ üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb və Türkiyə tərəfi ilə razılaşdırmaqla nümayəndə heyəti vətəndaşlarımıza müvafiq yardımın göstərilməsi üçün 2022-ci ilin oktyabr ayından etibarən İstanbul şəhərinə səfərlər edib.
Səfərlər çərçivəsində vətəndaşlarımızla müsahibələr, onlara zəruri konsulluq və hüquqi yardımın göstərilməsi ölkəmizin İstanbul şəhərindəki Baş Konsulluğunda həyata keçirilir. Nəticədə layihə çərçivəsində indiyə qədər ümumilikdə 3827 nəfərin müraciəti cavablandırılıb, onlardan 2093 nəfərin pasport rəsmiləşdirilməsi üzrə, 459 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üzrə sorğuları icraata yönəldilib. 283 konsulluq əməliyyatı (subaylıq arayışı, doğumun qeydə alınması, nikahın qeydə alınması, tərcümənin təsdiqi və atalığın müəyyən edilməsi) həyata keçirilib.
İşçi Qrupunun İstanbul şəhərinə növbəti səfərləri ilə bağlı elan Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğu və Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində, eləcə də sosial şəbəkə hesablarında dərc olunacaq.