Xəzər Xəbər

Azərbaycanda süni intellekt üzrə mütəxəssis yetişdiriləcək

Cəmiyyət | 17:20 • 28 İyul 2023
Azərbaycanda süni intellekt üzrə mütəxəssis yetişdiriləcək

Bakıda Pakistanın dəstəyi ilə İKT mütəxəssislərinin hazırlanması üçün yaradılacaq təlim mərkəzi bu ilin sonunadək fəaliyyətə başlaya bilər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) məlumatında bildirilir.

Qurum mərkəzdə hansı istiqamətlər üzrə tədrisin aparılacağını da açıqlayıb:

“Yeni təlim mərkəzində əsasən süni intellekt (AI) və “QA” (Quality Assurance) üzrə mütəxəssislər hazırlanacaq. Hazırda təlim mərkəzi üçün yerin seçilməsi və proqramın müəyyən edilməsi prosesi gedir. Yəqin ki, ilin sonuncu rübünə dərslərə başlamaq olar”.

Agentlikdən bildirilib ki, hazırda bu sahələrdə ölkəmizdə mütəxəssislərin çatışmazlığı var və bu səbəbdən də tədrisin həmin sahələrlə bağlı olması razılığa gəlinib.

Qeyd edək ki, Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Pakistana səfəri çərçivəsində iyulun 19-da bu ölkənin Cənubda Davamlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının (COMSATS) icraçı direktoru Məhəmməd Nafis Zəkəriya ilə görüşüb.

Görüş zamanı Azərbaycanda peşəkar İKT mütəxəssislərinin hazırlanmasına dair COMSATS ilə birgə layihənin həyata keçirilməsi müzakirə olunub. Bu məqsədlə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə COMSATS arasında İKT və Texnologiya üzrə Təlim Kursları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, pakistanlı təlimçilər tərəfindən ölkəmizdə İKT üzrə peşəkar mütəxəssislərin hazırlanmasına başlanılacaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti