Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirova (Rəşad Dağlı) hökm oxunub.
Xezerxeber.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
"Prokuror onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi."
Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir. R.Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.