Hər gün dünyada yaşı 15-dən aşağı 1,8 milyard uşaq çirklənmiş havadan əziyyət çəkir.
Xezerxeber.az xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən ölkəmizdə uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığına dair vəziyyətin təhlilinə həsr olunmuş dəyirmi masada Azərbaycan Tibb Universitetinin eksperti İsmayıl Əfəndiyev deyib.
O qeyd edib ki, havanın çirklənməsində sənaye obyektləri ilə yanaşı, şəxsi və ictimai nəqliyyat da mühüm rol oynayır.
“Neftçilər, Nobel, Qara Qarayev prospektləri, Ukrayna dairəsi, Dərnəgül şosesi, Lökbatan dairəsi, 20 Yanvar metrosunun ətrafı, Bakı-Sumqayıt şosesini əhatə edən havada azot və işlənmiş qazların səviyyəsi normadan 1,2 dəfə çoxdur. Ümumiyyətlə, paytaxt havasında azot oksidləri, kükürd dioksidin, dəm qazı, hidrogen sulfid, dispers toz hissəcikləri, benzolun miqdarı normadan artıqdır. Bu isə ani ölümlərin 10-18 faiz artması ilə nəticələnir”, - deyə ekspert bildirib.