Şimaldan hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti qeyri-sabit, küləkli və yağışlı keçib.
Xezerxeber.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, bəzi yerlərdə yağışlar leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı 13-36 mm qeydə alınıb. Bəzi bölgələrdə şimal-qərb küləyi 18-22, Bakıda və Abşeron yarımadasında isə 28-30 m/saniyəyədək güclənib. Müşahidə olunan küləkli və yağıntılı şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.
İyulun 27-dən 29-dək ölkə ərazisində sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. İyulun 28-i gündüz saatlarında mülayim cənub küləyi əsəcək. Həftə sonlarında yenidən şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.