İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin müsahibədə iştirak etməsi üçün qeydiyyat müddəti 26 iyul saat 23:59-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzindən Xezerxeber.az-a verilən xəbərə görə, abituriyentlər verilən link (https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov) vasitəsilə Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçməlidirlər.
İslamşünaslıq ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək.
Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.
Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı III ixtisas qrupuna aid digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə bilərlər.
Qeyd edək ki, müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə minimum 50 bal toplamış abituriyentlər iştirak edə bilərlər.