Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı cərimələr müəyyənləşdirilir.
Bu məsələ Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 783-VIQD nömrəli və 2023-cü il 7 mart tarixli 837-VIQD nömrəli qanunlarına dəyişikliklərdə öz əksini tapıb.
Xezerxeber.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsi Milli Məclisin iyunun 6-da keçirilən növbədənkənar iclasının gündəliyinə daxil edilib.
Sənədə əsasən, utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyəti ilə bağlı “Tullantılar haqqında” qanunu ilə müəyyən olunan tələblərin pozulmasına və ya vəzifələrin yerinə yetirilməməsinə, yaxud nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxs tərəfindən bu fəaliyyətlə bağlı həmin qanunla müəyyən olunan vəzifələrin yerinə yetirilməməsinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.
Həmçinin utilizator tərəfindən utilizatorların reyestrində onun haqqında olan məlumatlarda baş vermiş dəyişikliklər barədə “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora məlumatın verilməməsinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə olunurlar.
Həmçinin bu məcəllənin 266.5-ci və 266.6-cı maddələrində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
Utilizator, yaxud nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxs tərəfindən nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın nüsxəsinin “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsə verilməməsinə və ya nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora göndərilməməsinə görə vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edildiyi halda, hüquqi şəxslər üçün min manat məbləğində cərimə kəsilir.
Utilizator tərəfindən “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə təsdiqedici sənədin verilməməsinə görə vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
Utilizator tərəfindən “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada verilən təsdiqedici sənədlərlə bağlı yazılı məlumatın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında verilməməsinə görə vəzifəli şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilməsinə görə dörd min manat məbləğində cərimə edilir.
“Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada verilən təsdiqedici sənədlərin nəqliyyat vasitələrinin satıcısı tərəfindən uçotunun aparılmamasına, yaxud təsdiqedici sənədlər barədə yazılı məlumatın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında verilməməsinə görə beş yüz manat məbləğində cərimə edilir.
Utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə olunan yararlı materialların və əşyaların ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılması barədə utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə yazılı məlumatın verilməməsinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.