Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, martın 30-dan başlayaraq iki gün ərzində ölkə ərazisində hava şəraitinin güclü külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.
Xezerxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək, onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.
Piyadalar isə havanın küləkli və yağışlı olmasını nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.