Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının başlanmasını həzm edə bilməyən Ermənistanı bir daha regionda 44 günlük Vətən müharibəsi nəticəsində yaranmış reallığı dərk etməyə və təcavüzkar addımlardan və revanşist siyasətdən çəkinməyə təkidlə çağırırıq.
Xezerxeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına dair şərhində bildirilib.
A.Hacızadə, həmçinin qeyd edib: “Beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə zidd olaraq Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlayan, 1 milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından zorla qovan, bölgədə Azərbaycana məxsus bütün tarixi və dini abidələri vəhşicəsinə dağıdan Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıdışının üçtərəfli Bəyanatın “pozuntusu” və “qanunsuz məskunlaşma” kimi qələmə verməsi riyakarlığın növbəti açıq təzahürüdür. Bu bəyanat Ermənistanın irqçi ayrı-seçkilik və nifrət xislətini nümayiş etdirir”.