Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentlərə müraciət edib.
Xezerxeber.az-ın xəbərinə görə, Sədr ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib ki, abituriyentlər qaydaları pozmamalıdır.
“Kimsə kimdənsə köçürübsə, onun da nəticələri ləğv olunacaq. İmtahana gələrkən əlavə vasitələr gətirməyin. Bununla siz heç nəyə nail ola bilməyəcəksiniz", - DİM sədri vurğulayıb.
DİM sədri buraxılış imtahanlarında test tapşırıqlarının çətinliyinə də aydınlıq gətirib.
Onun sözlərinə görə, bəzən oxuyub-anlama bacarığını yoxlamaq üçün imtahanda istifadə olunan hansısa bir mətn həcminin böyük olması, məzmununun çətin və ya proqramdan kənar olması ilə bağlı iddialar səsləndirilir.
O qeyd edib ki, bu il imtahanda istifadə olunan “Telekinez” lə bağlı mətn daha çox müzakirələrə səbəb olub:
“4-cü sinif Azərbaycan dili metodik vəsaitinə baxın (səh.226, 2015-ci il, e-derslik.edu.az). Görün telekinez haqqında nə qədər məlumat var. Təəssüf ki, insanlar 4-cü sinifdə verilən mövzuların 11-ci sinif şagirdi üçün çətinlik yaratdığını iddia edir. Ancaq builki məzunlar 2015-2016-cı tədris ilində həmin dərsi keçib və onunla tanış olunmalı idi”,- deyə M. Abbaszadə əlavə edib.