Bu gün biz Azərbaycan xalqı olaraq daha bir tarixi qürurverici bir gün yaşayırıq. Tərtər rayonun işğaldan azad edilmiş Talış kəndinə 90 nəfərdən ibarət 20 ailə öz doğma torpaqlarına, el-obalarına geri qayıdır. Talış kəndi ən müasir standartara cavab verəcək tərzdə yenidən qurulub.
Bunu Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
O bildirib ki, 3 il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən qazanılan tarixi zəfərin sevincini yaşayırdıqsa, bu gün artıq həmin tarixi zəfərin nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərimizə keçmiş məcburi köçkün soydaşlarımızın öz torpaqlıarına qayıdışını böyük sevinc və qürur hissi ilə qeyd edirik.
“Bu gün Talış kəndində, bizim Qarabağımızda daha 20 ocaq insan nəfəsi ilə isinəcək. Talış kəndinə köçürülən məcburi köçkün soydaşlarımız Bakı, Bərdə, Samux, Göranboy və Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün soydaşlarımızdır. Həmin soydaşlarımıza 2, 3 və 4 otaqlı fərdi evlər təqdim edilib. Talış kəndi ən müasir standartara cavab verəcək tərzdə yenidən qurulub, cənab Prezident İlham Əliyevin tapşırığı ilə zəruri olan bütün sosial, texniki infrastruktur ilə təchiz edilib”, - deyə o qeyd edib.
Xatırladaq ki, Tərtər rayonun Talış kəndi 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Ermənistan işğaldan azad edilib.