Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 21 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, psixotrop maddə və güclü təsiredici xassəyə malik həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN-dən Xezexeber.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatları əsasında şübhəli şəxs qismində Yardımlı rayon sakini Yasər Ağayev saxlanılıb. Həmin şəxsin dərədə gizlətdiyi torbalardan ümumilikdə 10 kiloqramdan artıq marixuana, beş kiloqrama yaxın heroin, iki kiloqram tiryək, 4 kiloqram 464 qram metamfetamin və 200 ədəd güclü təsiredən xassəyə malik həb aşkarlanaraq götürülüb. Araşdırma zamanı Y.Ağayevin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və qeyd edilən narkotik vasitələri həmin şəxsin göstərişi əsasında deyilən yerlərdə gizlətməli olduğu müəyyən edilib.
Qeyd edək ki, Y.Ağayevin qardaşı Namik Ağayev də bir ay əvvəl narkokuryerlik etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Yardımlı rayonu ərazisində gizlətdiyi yerdən 40 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə aşkarlanıb.
Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.