Biz istəyiriksə ölkəmizdə güclü idman sahəsi olsun, bu istiqamətdə fəaliyyət göstərən təhsil müəssisələrinə hansısa fərqli qəbul yolu fikirləşməliyik.
Xezerxeber.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Nazir bildirib ki, istedadı olan idmançı 14-15 yaşına çatanda valideyn yol ayırıcında qalır. Ali məktəbə qəbul üçün əlavə hazırlıq məsələsi gündəmə gəlir. “Hesab edirəm ki, bu, ədalətli deyil. Nəzərə almaq lazımdır ki, bütün ölkədə idman peşəkar sahəyə çevrilib. İstedadlı idmançı artıq yeniyetmə yaşlarında böyük məşqlərə hazırlaşmalıdır”, - deyə Emin Əmrullayev qeyd edib.
Onun sözlərinə görə, ali təhsil müəssisələrində idman həyatı ilə bağlı müəyyən addımlar atılmalıdır.
"Burada söhbət böyük rəqəmlərdən getmir. Ali təhsil müəssisələrinə qəbul sayı 50 mindən artıqdır. Bu rəqəmin də 60 minə çatdırılması nəzərdə tutulur. Yəqin, il ərzində təxminən 400-500 istedadlı idmançını ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul etsək, ölkəmizdə bu sahənin inkişafına və Azərbaycan bayrağının yüksəklərə qaldırılmasına töhfə vermiş olarıq"-nazir deyib.