Xəzər Xəbər

Qadınların pensiya yaşının azaldılması təklif edilir

"Qadınların pensiya yaşının azaldılmasına ehtiyac var"
Cəmiyyət | 14:19 • 3 Mart 2023
Qadınların pensiya yaşının azaldılması təklif edilir

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) qadınların pensiya yaşının azaldılması, xüsusilə 63 yaş müəyyənləşdirilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” qanuna müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Xezerxeber.az xəbər verir ki, bu, Ombudsmanın 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə bildirilib ki, “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli, 543- VQD saylı qanununun 1.13-cü maddəsinə əsasən, bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Qeyd edilib ki, Azərbaycan cəmiyyətində və ailədə qadının rolu, ailə qayğılarından irəli gələrək onun üzərinə düşən məsuliyyət nəzərə alınaraq, işləyən qadınların pensiya yaşının getdikcə artırılaraq 2027-ci il 1 iyul tarixinədək 65 yaş həddinə çatdırılması məqsədəmüvafiq deyildir.

Bildirilib ki, bu baxımdan qadınların pensiya yaşının azaldılmasına ehtiyac vardır.

“Əmək pensiyaları haqqında” qanuna müxtəlif vaxtlarda dəyişikliklər edilməklə əmək pensiyasının minimum məbləği artırılıb. 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manat olduğu halda, 2022-ci ilin yanvarın 1-dən bu məbləğ 20 faiz artırılaraq 240 manat müəyyən edilmişdir. Bu yanaşma minimum məbləğdə pensiya alanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində olduqca mühüm addımdır.

Lakin bununla belə, digər pensiyaçılara ödənilən pensiya məbləğlərinin əmək pensiyasının minimum məbləğinə mütənasib artırılmaması da sərf etdiyi əməyə, o cümlədən qazandığı əmək və sığorta stajlarına görə pensiyaçılar arasında bərabərlik prinsipinin pozulmasına səbəb olur.

Belə ki, əmək pensiyasının minimum məbləği 240 manata qaldırıldığı vaxta kimi 201 manat və 239 manat alan iki müxtəlif pensiyaçının pensiya məbləği bərabər olaraq 240 manata çatdırılır. Qeyd edilənləri nəzərə alaraq, əmək pensiyasının minimum məbləği artırılarkən bundan əvvəl təyin edilmiş pensiya məbləğlərinin əmək pensiyasının minimum məbləğinə mütənasib və ya müəyyən məbləğdə artırılması zəruridir.

Xəbər lenti