Ombudsman əmək pensiyasının minimum məbləği artırılarkən bundan əvvəl təyin edilmiş pensiya məbləğlərinin əmək pensiyasının minimum məbləğinə mütənasib və ya müəyyən məbləğdə artırılması zəruri hesab edir.
Xezerxeber.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.
Sənəddə bildirilib ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müxtəlif vaxtlarda dəyişikliklər edilməklə əmək pensiyasının minimum məbləği artırılıb. 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manat olduğu halda, 2022-ci ilin yanvarın 1-dən bu məbləğ 20 faiz artırılaraq 240 manat müəyyən edilmişdir. Bu yanaşma minimum məbləğdə pensiya alanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində olduqca mühüm addımdır. Lakin bununla belə, digər pensiyaçılara ödənilən pensiya məbləğlərinin əmək pensiyasının minimum məbləğinə mütənasib artırılmaması da sərf etdiyi əməyə, o cümlədən qazandığı əmək və sığorta stajlarına görə pensiyaçılar arasında bərabərlik prinsipinin pozulmasına səbəb olur. Belə ki, əmək pensiyasının minimum məbləği 240 manata qaldırıldığı vaxta kimi 201 manat və 239 manat alan iki müxtəlif pensiyaçının pensiya məbləği bərabər olaraq 240 manata çatdırılır.
Qeyd edilənləri nəzərə alaraq, əmək pensiyasının minimum məbləği artırılarkən bundan əvvəl təyin edilmiş pensiya məbləğlərinin əmək pensiyasının minimum məbləğinə mütənasib və ya müəyyən məbləğdə artırılması zəruridir.