Bu günlərdə Dövlət Məşğulluq Agentliyi sosial şəbəkələrdə işsiz şəxslərə 200 manat ödənişin verilməsi ilə bağlı yayılan məlumatlarla bağlı açıqlama vermişdi və bunun həqiqəti əks etdirmədiyi vurğulanmışdı. Açıqlamada hazırda “Məşğulluq haqqında” qanuna əsasən işsizlik müavinəti adlı bir ödəniş növünün mövcud olmadığı, yalnız işsizlikdən sığorta ödənişi adlı sosial təminat növü olduğu qeyd edilmişdi.
"Qafqazinfo"nun məlumatına görə, bu ödəniş də yalnız qanunla nəzərdə tutulan hallarda ödənilir. Yəni, əgər vətəndaşın əmək müqaviləsinə dövlət orqanının və ya hüquqi şəxsin ləğvi, işçilərin və ya dövlət qulluqçuların sayı, ştatların ixtisar edilməsi və ya müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilibsə, onun işsizlikdən sığorta ödənişi üçün hüququ yarana bilər.
Bəs işsizlikdən sığorta ödənişi və onun məbləği necə müəyyən edilir?
“İşsizlikdən sığorta haqqında” Qanuna görə, dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına (işsizlikdən sığorta haqqı ödənilmiş müddət ) malik əmək qabiliyyətli şəxslərə sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə tapılır. Məsələn, göstərilən səbəblərdə işini itirmiş şəxs bu tarixdən əvvəlki 24 ayın 12 ayından çox müddətində sığorta stajına malikdirsə, onun son 12 ay üzrə orta aylıq əməkhaqqı müəyyən edilir və bunun 50 faizi məbləğində sığorta ödənişi hesablanır.
Şəxs əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə isə (lakin sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır. Məsələn, bayaqkı misaldakı şəxs son 12 ayın bütün aylarında işləməyibsə, onun itirilmiş əməkhaqqı 24 ay ərzində aldığı əməkhaqqı məbləğini işlədiyi ayların sayına bölməklə müəyyən edilir.
24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə isə minimum əməkhaqqı məbləğində ödəniş müəyyən edilir. Yəni, işini itirmiş yuxarıda adıçəkilən kateqoriyadan olan şəxsin son 24 ayda sığorta stajı 12 aydan az olsa belə ümumi sığorta stajı 1 ildən çox olarsa, ödəniş minimum əməkhaqqı məbləğinə bərabər olacaq. İşəgötürənin təqsiri olmadan müəssisədə işin dayandırılması ilə əlaqədar qrup halında məzuniyyətə buraxılmış belə şəxslərə münasibətdə sığorta ödənişinə 1,2 əmsal tətbiq edilir (minimum əməkhaqqı məbləği x 1,2).
Yuxarıda qeyd edilən hər iki qrupdan olan (24 ayı ərzində sığorta stajı 12 aydan çox və az olan), himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) şəxslərin əsas sığorta ödənişinə əlavə almaq hüququ var. Sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır. Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, bu, onlardan yalnız birinə şamil edilir.
İlk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulmuş münasib işlə təmin olunmayan şəxsin bir dəfə təkrar müraciət edərək yenidən minimum əməkhaqqı məbləğində sığorta ödənişi almaq hüququ var. Bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində 9 aydan artıq ola bilməz. Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir.
İlkin müraciət zamanı 1-ci və 2-ci aylar təyin edilmiş məbləğin 100 faizi, 3–4-cü ayları 80 faizi, 5–6-cı ayları üçün isə 70 faizi həcmində ödənilir. Təkrar müraciət zamanı isə hər ay minimum əməkhaqqı məbləğində ödəniş edilir. Məsələn, itirilmiş orta aylıq əməkhaqqı 1000 manat hesablanmış şəxs 1-ci və 2-ci ay 500 manat, 3-4-cü aylar 400 manat, 5-6-cı aylar isə 350 manat ödəniş alır.
Sığorta ödənişi almış şəxsə yenidən eyni əsaslarla növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay sığorta stajı tələb olunur. Yəni, artıq 2 dəfə sığorta ödənişi almış şəxs azı 12 ay yenidən işləyərək sığorta stajı topladığı halda ona ödəniş edilə bilər.
Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar iş yerini itirmiş şəxslərlə bağlı isə vəziyyət bir qədər fərqlidir. Belə ki, əmək müqaviləsinin müddəti qurtardıqda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum əməkhaqqı məbləğində ödəniş hesablanır. Onlara sığorta ödənişi 3 ay müddətində verilir. Bu şəxslərə təkrar sığorta ödənişi təyin edilmir. Sığorta ödənişi almış şəxsə növbəti dəfə yenidən eyni əsasla sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 30 ay sığorta stajı tələb olunur. Bu, o deməkdir ki, belə şəxslər sığorta ödənişi almaları üçün işsizliyin başlamasından əvvəlki 36 ay ərzində azı 30 ay sığorta stajına malik olduqları halda 3 ay minimum əməkhaqqı məbləğində sığorta ödənişi almaq hüququna malikdirlər. Üstəlik, digər kateqoriyadan olan şəxslərdən fərqli olaraq onlar 3 aydan sonra yenidən sığorta ödənişi üçün müraciət edə bilməzlər. Bu şəxslər yenidən işləyərək 30 ay sığorta stajı topladıqdan sonra növbəti dəfə işsizlikdən sığorta ödənişi ala bilərlər.
Sığorta ödənişi sığortaolunanların işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır. Sığorta ödənişinin məbləği əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum əməkhaqqının məbləğindən az ola bilməz. Qeyd edək ki, ötən il ölkə üzrə orta aylıq əməkhaqqı məbləği 839,4 manat, minimum əməkhaqqının məbləği isə 300 manat olub. Bu da o deməkdir ki, cari ildə işsizlikdən sığorta ödənişi almağa başlayan şəxsin alacağı məbləğ 839,4 manatdan çox, minimum məbləği isə 300 manatdan az olmayacaq.
İşsizlikdən sığorta ödənişi əsasən İşsizlikdən Sığorta Fonduna (İSF) ödənilən sığorta haqları hesabına həyata keçirilir. İşsizlikdən sığorta haqqı üzrə sığorta tarifləri işəgötürən tərəfindən hesablanmış əməyin ödənişi fondunun (Buraya əməkhaqqı ilə birlikdə, əməkhaqqının tərkibinə daxil olmayan sosial və kompensasiya xarakterli ödənişlər də daxil edilir) 0,5 faizi və işçinin əməkhaqqından tutulan 0,5 faizindən ibarətdir. Bu o deməkdir ki, təkcə 700 manat aylıq əməkhaqqı (vergi və digər məcburi ödənişlər çıxılmadan) üzrə işsizlikdən sığorta haqqı 7 manat təşkil edir. Bu məbləğin yarı hissəsi – 3,5 manatı işəgötürənin, digər yarısı isə işçinin hesabına ödənilir.
2018-ci ildən fəaliyyət göstərən İSF-nin ötən illər üzrə büdcəsinə nəzər salanda məlum olur ki, xərclərin çox kiçik hissəsi işsizliyə görə sığorta ödənişlərindən ibarədir. Cari il üçün Fondun xərclərinin 212 milyon 668 min 344,50 manat məbləğində proqnozlaşdırılıb ki, bunun 11 milyon manatı və ya 5,2 faizi işsizlikdən sığorta ödənişi üçün nəzərdə tutulub. Müqayisə üçün deyək ki, Fondun büdcəsində bu istiqamətdə fəaliyyəti göstərən qurumların (Dövlət Məşğulluq Agentliyi, DOST, peşə mərkəzləri, Observatoriya) saxlanılması xərci (44 milyon 647 min 197,75 manat) proqnozlaşdırılan işsizlikdən sığorta ödənişlərindən 4 dəfə çoxdur.