Havanın çirklənməsi qlobal sağlamlıq riski olmaqda davam edir. Aparılan yeni bir araşdırma havanın çirkli olduğu bölgələrdə sağalmaz nevroloji xəstəliklərin rastgəlmə tezliyini tədqiq edib. Amerika Nevrologiya Akademiyası ilə birgə işləyən tədqiqatçılar ABŞ-da havanın ən çirkli olduğu bölgələrdə yaşayan insanların Parkinson xəstəliyinə tutulma riskinin yüksək nisbətlərdə olduğunu deyiblər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Parkinson xəstəliyinə hər 100 min nəfərdən 21-də rast gəlinir. Həmin xəstəlik 55 yaşdan yuxarı olanlarda daha çox müşahidə edilsə də, son vaxtlar gəncləşərək 40 yaşdan aşağı olanlarda da təsadüf edilir. İlk vaxtlar xəstəliyin əlamətləri hiss edilmir və gizli başlayır. Nevroloji hallar simptomatik olur - adətən bir əlin, daha az hallarda isə ayağın əsməsi ilə nəzərə çarpır. Əllərin titrəməsi, hərəkətlərin ləngiməsi, sərbəstlikdən məhrumolma, ağrılar, hərəkət dinamikası və psixikanın pozulması xəstəliyin əsas əlamətləridir. Xəstəlik əlilliyə səbəb olur, lakin insanın şüuru pozulmur.
AZƏRTAC StudyFinds saytına istinadla bildirir ki, ABŞ-da yerləşən Barrov Nevroloji İnstitutunun alimi Brittany Krzyzanovski və onun komandası 2009-cu ildə Parkinson xəstəliyi ilə bağlı qeydiyyatdan keçən 22,5 milyon insanın məlumatlarını tədqiq edib. Müşahidə edilən qrupun 80 mindən çox iştirakçısı Parkinson xəstəliyindən əziyyət çəkdiyi aşkarlanıb. İştirakçıların ölkə daxilində yaşadıqları bölgəni dəqiqləşdirmək üçün coğrafi xəritədən istifadə edilib və həmin ərazilərin çirkli havaya məruzqalma səviyyələri hesablanıb.
Tədqiqat müəllifləri sonda iştirakçıları iki qrupa ayırıb. Havanın ən çirkli olduğu bölgədə yaşayan qrupda 100 min nəfərdən 434 şəxsdə Parkinson xəstəliyinin olduğu, ən az məruz qalan qrupda isə 359 xəstə aşkar edilib. Ən yüksək hava çirkliliyinə məruz qalan qrupda Parkinson xəstəliyinə tutulma riski ən aşağı səviyyədə olanlarla müqayisədə 25 faiz artıb. Brittany Krzyzanovski Missisipi-Ohayo çayı vadisini Parkinson xəstəliyinin qaynar nöqtəsi kimi müəyyən etdiklərini deyib: “ABŞ-da hava çirkliliyinin en yüksək səviyyədə olduğu bölgə Missisipi-Ohayo çayı vadisidir. Biz bu tədqiqatın havanın çirklənmə səviyyəsini azaltmaqla bağlı ölkələrin müəyyən addımlar atmağa ruhlandıracağını ümid edirik”.