DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Xezerxeber.az xəbər verir ki, BDYPİ ölkədə keçiriləcək dövlət əhəmiyyətli tədbirlə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması, ölkəmizə gələn çoxsaylı qonaqların, rəsmi şəxslərin, eləcə də əhalinin yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mart ayının 1-dən 3-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələrini, paytaxt sakinlərindən isə fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələrini, xüsusilə bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını nəzərə alaraq şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələrini xahiş edir.
"Ümidvarıq ki, ölkəmiz üçün əhəmiyyətli olan tədbirin yüksək səviyyədə və təhlükəsiz şəraitdə keçirilməsini təmin etmək üçün vətəndaşlarımız müvəqqəti olaraq tətbiq edilən məhdudiyyət tədbirlərinə anlayışla yanaşacaq, mövcud vəziyyəti düzgün qiymətləndirərək polis əməkdaşlarına dəstək nümayiş etdirəcəklər", müraciətdə deyilir.