"8 Mart öncəsi müəllimlərə hədiyyə alınması ilə bağlı hallar iki yerə bölünür. Birinci, məcburetmə və külli miqdarda hədiyyə yığılmasıdır.
Belə olan halda valideynlər mütləq şəkildə şikayət etməlidirlər".
Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
"O zaman nazirlik olaraq biz də araşdırma aparırıq. Çox bahalı hədiyyə alınması və külli miqdarda pul yığılması müəllimə, məktəb idarəçiliyinə uyğun olan iş deyil. Bəzi hallarda bunun təşəbbüskarı bir valideyn qrupu olursa və digər valideyn qrupu ondan şikayət edirsə, bu zaman biz müdaxilə edə bilmirik. Bu ənənə daha çox davranış problemidir. Bunu mədəni transformasiya yolu ilə dəyişməliyik".
Nazir deyib ki, valideynlər müəllimlərə bahalı hədiyyə almaqdan, rüşvət verməkdən imtina etməlidirlər: "Bəzən adamlar kiməsə hədiyyə verməməkdən utanırlar. Amma bundan utanmamalıdırlar. Müəllimləri maddi dəyəri böyük olmayan, lakin mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr, müəllimlər də sevinər".