Fevralın 24-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Giorqiyev ilə görüşüb.
Komitədən Xezerxeber.az-a bildirilib ki, qonağa qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi, birinci xanım Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyi qeyd edilib. Görüşdə Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, həmin ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün dövlət tərəfindən irimiqyaslı layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Dövlət Komitəsi yaxın günlərdə növbəti ailələri Zəngilan rayonunun Ağalı kəndinə köçürəcək.
Görüşdə ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yarandığı ilk günlərdən beynəlxalq təşkilatların göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyi qeyd edilib. Bildirilib ki, Beynəlxalq Miqrasiya Təşkilatının müxtəlif sahələrdə həyata keçirdiyi tədbirlərlə yanaşı, kəhrizlərin bərpa olunması, icmalara dəstəklə əlaqədar tədbirləri xüsusilə təqdirəlayiqdir.
Vladimir Giorqiyev səmimi görüşə görə təşəkkür edib və kəhrizlərin qurulması üçün zəruri olan tədbirlərin davam etdirildiyini vurğulayıb. Bildirilib ki, Beynəlxalq Miqrasiya Təşkilatı BMT-nin işğaldan azad olunmuş ərazilərində fəaliyyətə başlayan ilk təsisatıdır. Belə ki, qurum tərəfindən Cəbrayıl rayonunun Horovlu kəndində kəhrizlərlə bağlı araşdırmalara başlanılıb. Eyni zamanda, BMqT-nin Böyük Qayıdışla bağlı məcburi köçkünlər üçün zəruri olan təlimlərin keçirilməsinə dəstək verə biləcəyi qeyd edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.