Azərbaycanda beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə dövlət rüsumunun ləğv edilməsi təklif edilir.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Bununla yanaşı, gömrük orqanlarının beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi vəzifəsinin ləğv olunması təklif edilir.
Qeyd edək ki, hazırda rüsumlar beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olan xarici dövlətlərin yük və sərnişin avtomobil daşıyıcıları üçün giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda 100 ABŞ dolları, yük avtomobilləri üçün 100 ABŞ dolları, sərnişin avtobusları üçün 50 ABŞ dolları təşkil edir.
Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olmayan yük və sərnişin avtomobil daşıyıcıları üçün müvafiq olaraq 150 ABŞ dolları və 75 ABŞ dolları təşkil edir.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.