“Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
Xezerxeber.az xəbər verir ki, bu məsələ Milli Məclisin fevralın 24-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi Azərbaycan Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya"da nəzərdə tutulan məqsədlərin həyata keçirilməsinə xidmət edir.
Konseptual baxımdan strategiya dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması, dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı tədbirləri nəzərdə tutur.
Layihədə təklif olunan dəyişikliklər mahiyyətcə substantiv xarakter daşıyır və dövlət qulluğu haqqında qanunvericiliyin “Normativ hüquqi aktlar haqqında” Qanunun tələblərinə uyğunluğunu təmin edir. Ümumiyyətlə, dəyişikliklərin əksəriyyəti qanunvericilik texnikası tələblərinin təmin edilməsi istiqamətindədir. Qanunun mövcud redaksiyasının bir sıra maddələrində texniki-terminoloji dəyişikliklər edilib. Sənəddə dövlət qulluğunda inzibati və yardımçı vəzifələrin təsnifatında dəyişikliklər, dövlət qulluqçularının rotasiyasının həyata keçirilməsi ilə bağlı düzəlişlər də nəzərdə tutulub.