Pəhriz saxlamaq son dövrlər çox populyardır. Bəzi insanlar bunun sağlamlığa müsbət təsir etdiyini düşünür. ABŞ-ın Icahn Mount Sinai tibb mərkəzinin tədqiqatçıları tərəfindən aparılan araşdırma pəhriz zamanı səhər yeməyindən imtina etməyin bədənin infeksiyalarla mübarizə aparmasına mane ola biləcəyini müəyyən edib.
AZƏRTAC StudyFinds saytına istinadla bildirir ki, səhər yeməyindən imtina hətta ürək xəstəliyi riskinin artmasına səbəb olur.
Ürək-damar xəstəlikləri üzrə professor Filip Svirski düzgün saxlanılan pəhrizin sağlamlığa təsirinin müsbət olduğunu bildirib: “Pəhriz saxlanılan müddətdə hər hansı bir qidadan imtina etmək düzgün deyil. Burada əsas məsələ qidanın miqdarıdır. Orqanizmin immun sistemini gücləndirən qidaları gündəlik menyumuzdan çıxartmamalıyıq”.
Qısamüddətli və uzunmüddətli pəhrizin immunitet sisteminə təsirini araşdırmaq üçün tədqiqat qrupu siçanlar üzərində təhlil aparıb. Tədqiqat müddətində öncədən qan nümunələri təhlil edilən bir qrup siçan oyandıqdan dərhal sonra səhər yeməyi yeyib. Digər qrupa isə səhər yeməyi verilməyib. Araşdırmanın sonunda hər iki siçan qrupundan yenidən qan nümunələri götürülüb. Tədqiqat komandası iki qrup arasındakı fərqləri müşahidə edib. İnfeksiya, ürək xəstəlikləri və hətta xərçənglə mübarizədə kömək etmək üçün sümük iliyində əmələ gələn və qana, toxumalara daxil olan hüceyrələrin - monositlərin sayında dəyişiklik aşkarlanıb. Tədqiqatın əvvəlində isə hər iki siçan qrupunun monositlərinin sayı eyni idi. Araşdırma davam etdiyi günlərdə səhər yeməyi ilə qidalanmayan siçanların sağlamlıq göstəriciləri daha da pisləşib və onların sümük iliyində yeni hüceyrə istehsalının yaranmadığı aşkar edilib. Digər qrupda isə monositlərin sayı araşdırmanın əvvəlində olduğu kimi qalıb.
Professor pəhrizin insanların beynində stres reaksiyasına səbəb olduğunu qeyd edib: “İnsan beyni monosit reaksiyasını idarə edir. Bu reaksiya düzgün idarə edilmədikdə qəzəb və stres qaçılmazdır”.