Xəzər Xəbər

İndiyədək ekoaksiya ərazisindən 580-dən çox erməni əsilli şəxs keçib

Cəmiyyət | 12:09 • 24 Fevral 2023
İndiyədək ekoaksiya ərazisindən 580-dən çox erməni əsilli şəxs keçib

Qarabağ iqtisadi rayonunda yerləşən faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını və orada monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası artıq 75 gündür davam edir.

Aksiyanın başladığı ilk gündən ərazi humanitar məqsədlər üçün açıq saxlanılır, sərbəst hərəkətə heç bir maneə yoxdur.

Əldə etdiyimiz məlumata görə, bu günədək 585 erməni əsilli şəxsin aksiyanın təşkil olunduğu ərazidən humanitar məqsədlə istifadəsinə şərait yaradılıb. Onlar aksiyanın təşkil olunduğu ərazidən istifadə zamanı Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərdən yararlanıblar. Hazırkı vaxtadək ərazidən ümumilikdə 3000-dək avtomobilin keçidi təmin olunub.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar